bazar 1 noyabr 2026 - 17:54
Z nəsli niyə Hellouin və Milad bayramlarına meyil göstərir? Qurani-Kərimin kimlik böhranına dair çağırışa cavabı

Hövzə I Yeniyetmə və gənclərin bir qisminin Hellouin və Milad kimi mərasimləri təşkil etməyə və ya bu tədbirlərdə iştirak etməyə meyil göstərməsi Qərb mədəniyyətinin sadəcə səthi təqlidi kimi qiymətləndirilə bilməz.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, rəqəmsal qloballaşma, istehlakçılıq və mənsubiyyət ehtiyacı yeni nəslin Qərb mədəniyyətinə aid bayram və mərasimlərə meyil göstərməsinə səbəb olan başlıca amillər sırasındadır. Bu meyil qarşısında Qurani-Kərimin mötədillik, təqva və müstəqil əsaslı prinsiplərini ön plana çəkən təlimləri şəxsiyyətin yenidən formalaşdırılması üçün konseptual çərçivə təqdim edir.

Bu məqalədə sosioloji məlumatlara və Qurani-Kərimin ayələrinin təhlilinə əsaslanaraq, sözügedən fenomenin kökləri izah edilir, eyni zamanda, dini təlimlərə əsaslanan davamlı və müstəqil kimliyin formalaşdırılması üçün müvafiq konseptual çərçivə təqdim olunur.

Sosioloji təhlil: “Özgəyə” yönələn meylin kökləri

Bu fenomeni dərindən anlamaq üçün onu sosial elmlər və əxlaq prizmasından təhlil etmək lazımdır. Bu prosesdə bir sıra əsas amillər mühüm rol oynayır:

Birinci: Rəqəmsal qloballaşma və mədəniyyət sərhədlərinin aşınması

Bu gün mədəniyyət sərhədləri əvvəlki dövrlərlə müqayisədə daha çox qarşılıqlı təsirə məruz qalır və getdikcə daha nüfuzedici xarakter alır. Analitik platformalar tərəfindən yayımlanan statistik məlumatlara əsasən, İran istifadəçiləri hər gün orta hesabla üç saatdan artıq vaxtlarını İnstagram və TikTok kimi sosial şəbəkələrdə keçirirlər. Həmin platformalarda bu bayram və mərasimlərin cəlbedici, rəngarəng və ideallaşdırılmış görüntüləri davamlı olaraq yenidən istehsal edilir və geniş auditoriyaya təqdim olunur. Bu görüntülər yerli mərasimlərin əhəmiyyətinin tədricən arxa plana keçdiyi, “qlobal kənd” (Global Village) adlandırılan vahid dünya məkanına mənsub olmaq hissini insanlara aşılayır.

İkinci: İstehlakçılıq və sevincin kommersiyalaşdırılması

Hellouin (Halloween- müqəddəslərin axşamı) və Milad kimi mərasimlər istehlakçılıq elementləri ilə zəngin tədbirlər kimi təşkil olunur. Bu mərasimlər çərçivəsində geyimlərin, bəzək əşyalarının və hədiyyələrin alınması özlüyündə satınalma üzərində qurulan bir təcrübəyə çevrilir. Yeni təcrübələr qazanmağa çalışan gənc nəsil üçün isə bu cür fəaliyyətlər son dərəcə cəlbedici və sövqedici xarakter daşıyır. Bu mərasimlər “sevinc” anlayışını satın alına bilən bir əmtəəyə çevirir. Halbuki bu məsələ bizim rəsmi və ənənəvi təqdimatlarımızda, bəlkə də indiyədək kifayət qədər diqqət mərkəzində olmamışdır.

Üçüncü: Şəxsiyyətin qorunması və mənsubiyyət ehtiyacı

Bu ən mühüm amildir. Ənənəvi və dini kimlik modelləri yeni nəslin əsas suallarına, mən kiməm? kimə və nəyə mənsubam? – müasir dövrün dilində cəlbedici, mənalı və praktik cavablar verə bilmədikdə, gənclər istər-istəməz alternativ axtarışına yönəlirlər. Bu meyil, əslində, həyat üçün cəlbedici bir hekayə tapmaq cəhdidir. Elə bir hekayə ki, gənclər həmin hekayədə özlərini böyük, qlobal və zahirən müasir görünən bir hadisənin tərkib hissəsi kimi hiss etsinlər.

Qurana görə şəxsiyyətin formalaşması | Mərasimlərdən daha üstün olan mahiyyətə doğru

Qurani-Kərim şəxsiyyət məsələsinə yalnız zahiri qadağalar müstəvisindən yanaşmır, bu məsələyə daha dərin baxış ortaya qoyur və müstəqil şəxsiyyətin formalaşdırılması, eləcə də nümunəvi şəxsiyyət modelinin yaradılması üçün fundamental prinsiplər müəyyənləşdirir. Bu təlimlər kimliklə bağlı mürəkkəb problemlərdən çıxış üçün köklü həll yolları təqdim edir.

“Ümməti-vəsət” prinsipi: Təqlidə deyil, tarazlığa və nümunəviliyə əsaslanan şəxsiyyət

Uca Allah müsəlman cəmiyyətinə xüsusi mövqe və missiya müəyyən edərək buyurur:


وَكَذَٰلِكَ جَعَلْنَاكُمْ أُمَّةً وَسَطًا لِتَكُونُوا شُهَدَاءَ عَلَى النَّاسِ وَيَكُونَ الرَّسُولُ عَلَيْكُمْ شَهِيدًا ۗ


Beləliklə, sizi insanlara şahid olasınız və peyğəmbər də sizə şahid olsun deyə orta (mötədil) bir ümmət etdik.

Bəqərə surəsi, 143-cü ayə


“Ümməti-vəsət” (orta yol tutan ümmət) dedikdə nə ifrata, nə də təfritə qapılan, hər iki ifrat mövqedən uzaq duran bir ümmət nəzərdə tutulur. Bu ayədə kimliyimizin təməli istər Şərqə, istərsə də Qərbə aid olsun, başqalarını təqlid etmək üzərində qurulmur. Əksinə, bu kimlik tarazlıq, mötədillik və dünya üçün nümunə olmaq prinsiplərinə əsaslanır.

Müsəlman gənc öz dəyər və şəxsiyyətini başqa bir mədəniyyətə mənsub olan bəzək əşyalarını mənimsəməkdə deyil, böyük, qlobal və nümunəvi bir sivilizasiyanın tərkib hissəsi olmaqda tapır.

“Təqva” prinsipi: Kəramət və şəxsiyyətin əsas meyarı

Qurani-Kərim insanın üstünlüyünün və dəyərinin əsas meyarını irqi mənsubiyyət, etnik kimlik və ya zahiri mədəniyyətlərlə əlaqələndirmir. Əksinə, bu meyarı insanın daxili və mənəvi keyfiyyətlərində axtarır. Uca Allah buyurur:



يَا أَيُّهَا النَّاسُ إِنَّا خَلَقْنَاكُمْ مِنْ ذَكَرٍ وَأُنْثَىٰ وَجَعَلْنَاكُمْ شُعُوبًا وَقَبَائِلَ لِتَعَارَفُوا ۚ إِنَّ أَكْرَمَكُمْ عِنْدَ اللَّهِ أَتْقَاكُمْۚ


Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Bir-birinizlə tanış olasınız deyə sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz, Allah yanında sizin ən dəyərliniz ən təqvalı olanınızdır.

Hucurat surəsi, 13-cü ayə


Bu ayə davamlı kimliyin təməlini müəyyənləşdirir. Həqiqi kimlik Hellouin geyimləri geyinməkdə və ya Milad ağacını bəzəməkdə deyil, təqvada təcəssüm olunur. Bu təlim yeni nəslə öz dəyərini hakim mədəniyyətin təsdiqindən deyil, Allahın razılığını qazanmaqdan və mənəvi əsaslara söykənən daxili şəxsiyyət formalaşdırmaqdan əldə etmək gücü verir. Əslində, söhbət insan şəxsiyyətinə əlavə olunan bir kimlikdən gedir, insanın özünəməxsus kimliyini əvəz edən kimlikdən deyil.

Kor-koranə təqlidə qarşı xəbərdarlıq prinsipi

Bu ayələr zahirən siyasi kontekstdə nazil olsa da onların ehtiva etdiyi ümumi prinsip mədəni kimlik məsələsinə də tətbiq oluna bilər. Uca Allah buyurur:




يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَتَّخِذُوا الْيَهُودَ وَالنَّصَارَىٰ أَوْلِيَاءَ ۘ بَعْضُهُمْ أَوْلِيَاءُ بَعْضٍ ۚ وَمَنْ يَتَوَلَّهُمْ مِنْكُمْ فَإِنَّهُ مِنْهُمْ ۗ



Ey iman gətirənlər, yəhudi və xristianlarla dostluq etməyin! Onlar bir-birlərinin dostlarıdır. Sizdən kim onlarla dostluq edərsə, o da onlardandır.

Maidə surəsi, 51-ci ayə


Bu ayə başqa cəmiyyətlərdən mədəni və ideoloji nümunələrin, dəyərlərin və himayəçilik münasibətlərinin mənimsənilməsinə qarşı ciddi xəbərdarlıq ehtiva edir. Burada “təvəlla” və “vilayət” anlayışları mədəni və kimlik baxımından rəhbərliyin qəbul edilməsi mənasında şərh olunur. Quran bildirir ki, bu cür qəbul sonda həmin mədəniyyətlə eyniləşməyə və onun daxilində əriməyə gətirib çıxarır, nəticədə isə müstəqil kimlik aradan qalxır.

Qarşıdurmadan həll yoluna: Praktik çərçivənin təqdim edilməsi

Geniş və əsaslı təhlil yalnız problemin müəyyənləşdirilməsi ilə kifayətlənmir, eyni zamanda, onun həlli yollarını da təqdim edir. Qurani yanaşma insanlara qarşı passiv şəkildə qadağalar tətbiq etməkdən ibarət deyil, əksinə, onlar üçün fəal şəkildə nümunəvi modellər formalaşdırılmasını nəzərdə tutur. Bu yanaşmada diqqətəlayiq bir neçə məqam mövcuddur:

Birinci: Ehtiyacın qarşılanması, onun boğulması deyil

Yeniyetmələrin və yeni nəslin sevincə, bayramlara, kollektiv təcrübələrə və estetik zövqə olan ehtiyacı təbii və qanuni ehtiyacdır. Mədəniyyətin formalaşdırılması ilə məşğul olan qurumların vəzifəsi bu ehtiyaclara idxal olunan nümunələrdən daha zəngin, dərin və köklü cavablar təqdim etməkdir. Görəsən, Yəlda (Yəlda qədim İran mədəniyyətinə aid bir bayramın adıdır. Yəlda gecəsi ilin ən uzun gecəsi, yəni qış fəslinin başlandığı gecə qeyd olunur)
kimi bir bayramı müasir dövrün təmtərağı və yaradıcılıq imkanlarından istifadə etməklə yeni nəsil üçün cəlbedici bir tədbirə çevirə bilərikmi? Əhli-beytin (ə) mövlud və viladət mərasimlərini incəsənət, musiqi və ictimai fəaliyyətləri özündə birləşdirən tədbirlərə çevirə bilərikmi?

İkinci: Kimlik təqlidinin əvəzinə kimlik təfəkkürünün təşviqi

Görünür, təhsil sistemi və media zahiri qadağalara diqqət yetirmək əvəzinə, İranın mahiyyətini və əsaslarını izah etməyə üstünlük verməlidir.

“Ümməti-vəsət” olmağın üstünlüyü nədən ibarətdir? Təqva insana necə özünəinam və müstəqillik qazandırır? Məktəb dərslərində, virtual məkanda və ailə mühitində cavablandırılmalı olan suallar məhz bunlardır.

Kimliklə bağlı həyəcan təbili və Quranın cavabı

Hellouin, Milad və bu qəbildən olan mərasimlərə göstərilən maraq bir həyəcan siqnalıdır. Lakin bu siqnal yeni nəslə deyil, mədəniyyətin formalaşdırılması ilə məşğul olan şəxslərə və ictimai institutlara ünvanlanır. Bu fenomen, əslində, belə bir çağırışı ifadə edir. Sizin təqdim etdiyiniz hekayə bizim üçün cəlbedici deyil, biz mənsubiyyət və məna axtarışındayıq. Bu çağırışa Quranın cavabı isə kimliyin fundamental prinsiplərinə qayıtmaqdan ibarətdir. İfrat və təfritin əvəzinə mötədillik (ümməti-vəsət), xarici nüfuzun əvəzinə daxili kəramət (təqva) və kor-koranə təqlidin əvəzinə nümunə olmaq.

Qarşımızda duran çağırış Qərb mədəniyyətinin qarşısında daha hündür sədlər ucaltmaq deyil. Əsas məsələ gözəl, möhkəm və dərin məna ilə zəngin bir ev qurmaqdır. Elə bir ev ki, övladlarımız yalnız onu tərk etməməli, həm də başqalarını öz evlərinə dəvət etməklə fəxr etməlidirlər.

Quran və hədis elmləri üzrə tədqiqatçı: Səid Şiri

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha